
Prezident İlham Əliyev Qarabağ Universitetinin Klinikasında olub
Dövlət başçısı Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılış mərasiminə qatılıb.
Dövlət başçısına burada görülən işlər barədə məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər çərçivəsində mühəndis-kommunikasiya sistemləri yenilənib və şöbə müasir standartlara uyğun təşkil olunub.
Təcili tibbi yardım şöbəsində pasiyentlərin qəbulu, müayinəsi və müalicəsi üçün zəruri funksional zonalar, o cümlədən reanimasiya və uşaq pediatriya sahələri yaradılıb. Tibb ocağı ən son avadanlıqlarla təchiz edilib.
Klinikada hazırda 70 stasionar çarpayı mövcuddur. Təcili yardım şöbəsində isə əlavə olaraq çarpayılar və əməliyyat zalları fəaliyyət göstərəcək.
Müəssisənin əsas missiyası keyfiyyətli tibbi xidmət göstərməklə yanaşı, müasir tibb təhsili və elmi-tədqiqat fəaliyyətini bir mərkəzdə birləşdirməkdir.




