
Dünyada ən yüksək pensiya ödənilən ölkələr açıqlanıb
Bəzi dövlətlərdə yaşlılıq pensiyasının illik məbləği 30 min avronu ötür. Hansı ölkələrin vətəndaşları daha yüksək təqaüd alır?
Dünyanın bir çox dövlətində yaşlılıq pensiyalarının adekvatlığı mütəmadi olaraq müzakirə mövzusuna çevrilir. Bəzi ölkələrin sakinləri təqaüdə çıxmağı səbirsizliklə gözlədikləri halda, digərləri az məbləğ səbəbindən sona qədər işləməyə davam edirlər.
Aparılan araşdırmalara əsasən, yalnız üç ölkə öz vətəndaşlarına ildə 30 min avrodan çox pensiya almaq imkanı yaradır. Buraya Lüksemburq, Norveç və İslandiya daxildir. Bu göstərici həmin dövlətlərin güclü və sabit iqtisadiyyatı, eləcə də yüksək maaş sistemləri ilə əlaqədardır.
Mövcud statistikaya görə, İslandiyada illik pensiya təxminən 36 min avro, Lüksemburqda 31.8 min avro, Norveçdə isə 30.9 min avro təşkil edir. Siyahıda Danimarka, İsveçrə, Avstriya və Hollandiya da ön sıralarda qərarlaşıb.
Bunun əksinə olaraq, Fransa, İtaliya və İspaniya kimi dövlətlərdə vətəndaşlar ildə 20 min avrodan az pensiya alırlar. Polşa və Macarıstanda isə bu rəqəm hətta 7 min avroya çatmır ki, bu da yaşlı əhalinin çoxalması və iqtisadi amillərlə izah olunur.




