
Gec yatmaq və yuxu rejimini pozmaq ürək-damar xəstəlikləri riskini artırır
Hətta yatağa cəmi bir saat gec getmək və yuxu müddətindən kəsmək ürək sağlamlığı üçün ciddi təhlükə yarada bilər.
AzadAzərbaycan xəbər verir ki, yatağa adət edilən vaxtdan daha gec getmək və yuxu rejimini pozmaq insanı ölümcül xəstəlik riskləri ilə üz-üzə qoya bilər. Yeni elmi araşdırmalar göstərir ki, gecə yuxusundan cəmi bir saat kəsmək belə ürək-damar sisteminə mənfi təsir göstərir.
Kardioloq Oleq Vorfolomeyevin sözlərinə görə, hətta yüngül dərəcəli yuxu çatışmazlığı da təhlükəlidir. Tədqiqatlar zamanı müəyyən edilib ki, yuxu rejiminin cəmi bir neçə həftə pozulması qan damarlarının daxili səthini örtən hüceyrələrdə iltihab yaradır və onların funksiyasını itirməsinə səbəb olur.
Mütəxəssislər qeyd edirlər ki, yetkin insanların əksəriyyəti hər gün eyni vaxtda oyansa da, yatmaq vaxtını gecikdirirlər. Lakin mütəmadi olaraq kifayət qədər yatmamaq gənc və sağlam şəxslərdə də ürək xəstəliklərinin inkişaf riskini əhəmiyyətli dərəcədə artırır.
Həkimlər sağlamlığı qorumaq üçün hər gecə ən azı yeddi-səkkiz saat yatmağı və yuxu rejiminə ciddi şəkildə əməl etməyi tövsiyə edirlər.




