
Tiflis Cümə məscidinin tarixi: Osmanlı dövründən qalan unikallıq
Tiflisin qədim Abanotubani rayonunda yerləşən Cümə məscidi özünəməxsus memarlığı və zəngin tarixi keçmişi ilə seçilir.
Gürcüstanın paytaxtı Tiflis şəhərinin tarixi Abanotubani rayonunda, Narınqalanın yaxınlığında yerləşən Tiflis Cümə məscidi zəngin tarixi və unikal memarlığı ilə diqqət çəkir. İbadət evinin təməli 1723-cü ildə Osmanlı imperiyası dövründə, Sultan III Əhmədin təşəbbüsü ilə qoyulub.
1730-cu illərin ortalarında Nadir şahın şəhəri ələ keçirməsindən sonra zərər görən məscid 1846–1851-ci illərdə italyan memar Covanni Skudiyerinin layihəsi əsasında bərpa edilib. Binanın memarlığında Avropa qotikası elementlərindən istifadə olunması onu dünyada nadir islam abidələrindən birinə çevirib. Həmçinin sünni və şiələrin bir yerdə ibadət etməsi üçün məsciddə iki mehrab quraşdırılıb.
XIX əsrin sonlarında Zaqafqaziya müftisi Hüseyn əfəndi Qayıbovun və Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə məscid genişləndirilib, binanın sahəsi artırılaraq ikimərtəbəli hala gətirilib. Çar Rusiyası və sovet illərində bu məscid təkcə müsəlmanların deyil, həm də təqib olunan müxtəlif din nümayəndələrinin sığınacağına çevrilib.
Sovet rejiminin təzyiqlərinə və ikitirəlik yaratmaq cəhdlərinə baxmayaraq, yerli icma birliyi qoruyub saxlaya bilib. Məscidin ətrafındakı qədim qəbiristanlıqda Fətəli xan Xoyski, Mirzə Fətəli Axundov və Mirzə Şəfi Vazeh kimi görkəmli Azərbaycan azərbaycanlı şəxsiyyətlər uyuyur.




