
Ayıq sürücü işə düzəlmək istəyən şəxs dələduzluğun qurbanı olub
TikTok-da gördüyü elanla ayıq sürücü kimi fəaliyyət göstərmək istəyən Bakı sakinindən pul alınsa da, vəd edilən xidmət göstərilməyib.
Sosial şəbəkələrdə yerləşdirilən vakansiya vasitəsilə işə qəbul olmaq istəyən vətəndaş fırıldaqçılıqla üzləşdiyini iddia edir. Mərdəkan qəsəbə sakini Eldar Əliyev ayıq sürücü kimi çalışmaq üçün müraciət etdiyi şirkət tərəfindən aldadıldığını bildirib.
Şikayətçinin sözlərinə görə, Nightdriver şirkəti ona sifarişlərin qəbul edilməsi üçün xüsusi vatsap qrupuna qoşulmağı vəd edib. Bu xidmət müqabilində ondan 60 manat məbləğində ödəniş alınıb, lakin vəd edilən qrupa əlavə olunmayıb və sonradan zənglərinə cavab verilməyib.
Zərərçəkən əsas məsələnin maddi vəsaitin itirilməsi deyil, aldadılma faktı olduğunu vurğulayıb. O, hüquqlarının bərpa olunmasını tələb edir.
Şirkətdən isə bildirilib ki, rəhbərliyin ailəsində baş verən gözlənilməz itki səbəbindən fəaliyyət müvəqqəti dayandırılıb və şikayətçiyə bu barədə məlumat verilib. Xidmətin yaxın günlərdə yenidən aktivləşəcəyi qeyd olunub.




