
Birləşmiş Ştatlar Kiyevə kəşfiyyat dəstəyini azaltmayıb
Ağ Evin Ukrayna böhranının tənzimlənməsi istiqamətindəki səylərinə baxmayaraq, Vaşinqton Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini davam etdirir.
ABŞ-ın xüsusi xidmət orqanları Ağ Evin Ukrayna münaqişəsinin həlli istiqamətində diplomatik səylərini gücləndirməsinə baxmayaraq, Kiyevə verilən dəstəyin həcmində hər hansı azalmaya getməyib.
AzadAzərbaycan xəbər verir ki, bu barədə "Atlantik" nəşri məlumat yayıb. Bildirilir ki, Birləşmiş Ştatların təqdim etdiyi məlumatlar sayəsində Ukrayna hərbçiləri Rusiya ərazisinin dərinliklərində yerləşən hədəflərə zərbələr endirməyə imkan tapırlar.
Bununla yanaşı, Amerikanın kəşfiyyat peykləri Rusiya qüvvələrinin raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar barədə Ukrayna tərəfini əvvəlcədən xəbərdar edir.
Baltikyanı ölkələrin birində fəaliyyət göstərən və amerikalı həmkarları ilə sıx əməkdaşlıq edən kəşfiyyatçılardan biri Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatlarının hazırda daha aqressiv xarakter aldığını vurğulayıb.




