
Mədəniyyət xadimlərindən Böyük Britaniyanın qərarına sərt etiraz
Tanınmış aktyor və yazıçılar Böyük Britaniyanın “Palestine Action” təşkilatı ilə bağlı qərarını və Salli Runinin kitablarının satışdan çıxarılmasını pisləyiblər.
Onlarla tanınmış aktyor, yazıçı və digər mədəniyyət xadimi Böyük Britaniyanın “Palestine Action” təşkilatını terror təşkilatı kimi tanımasını sərt şəkildə pisləyərək bu addımı repressiv və absurd adlandırıblar.
İmza atan şəxslər qadağan olunmuş təşkilatı dəstəklədiyi iddiası ilə kitabları satışdan yığışdırılan irlandiyalı yazıçı Salli Runiyə dəstək məqsədilə açıq məktub yayıblar. Məktubu imzalayanlar arasında Hollivud ulduzu Syuzan Sarandon, rejissor Conatan Qleyzer və yazıçı Arundhati Roy kimi tanınmış simalar yer alıb.
Müraciətdə qeyd olunub ki, Salli Runi terrorçu deyil, yazıçıdır və onun əsərlərinin satışdan çıxarılması söz azadlığının təməl prinsiplərinə qarşı yönəlmiş hücumdur. İmza sahibləri hər hansı bir senzura növünü qətiyyətlə rədd etdiklərini bildiriblər.
Xatırladaq ki, Salli Runinin elektron kitabları da ictimaiyyət üçün əlçatmaz edilib. Dünya miqyasında milyonlarla nüsxəsi satılan dörd bestsellerin müəllifi olan yazıçı isə auditoriyası ilə dürüst olmağa çalışdığını və qərarların nəticələrini qəbul etməyə hazır olduğunu qeyd edib.




