
Restorandakı ölümümlü davada deputatın oğlunun barəsindəki qərar niyə təxirə salındı
Xətai rayonundakı restoranda baş verən ölümcül kütləvi insidentlə bağlı saxlanılan şəxslər həbs edilib, lakin deputat oğlu ilə bağlı məsələ başqa səbəbdən təxirə düşüb.
AzadAzərbaycan xəbər verir ki, paytaxtın Xətai rayonundakı "Ab-Hava" restoranında bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə əlaqədar saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Lakin bu şəxslər arasında yalnız deputat Arzuxan Əlizadənin övladı Əhməd Əlizadə haqda yekun qərar verilməyib.
Hakim Fuad Axundovun sədrliyi ilə baş tutan məhkəmə iclasında Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılmasından imtina edilib. Məhkəmə hakimlərin öz-özünə etiraz ərizələrini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Bu addımın atılmasının səbəbi isə Əhməd Əlizadənin qardaşı Orxan Əlizadənin Xətai Rayon Məhkəməsinin hakimi olmasıdır. Mövcud qanunvericiliyə əsasən, təqsirləndirilən şəxslə hakim heyəti arasında hər hansı yaxın qohumluq əlaqəsi olmamalıdır.
Qeyd edək ki, "Ab-Hava" restoranında qeydə alınan kütləvi dava zamanı Ceyhun Mirağayev bıçaqlanaraq qətlə yetirilib. Hadisədə iştirak edən digər şəxslərin hamısı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.




