
Xəzər dənizinin sahilboyu ərazilərində naməlum köpüklənmə qeydə alınıb
Son günlər Xəzər dənizinin suyunda müşahidə olunan köpüklənmə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb.
Son günlər ərzində Xəzər dənizinin sahil xəttində suyun səthində qeyri-adi köpüklənmə prosesi müşahidə olunmağa başlayıb. Yaranan bu vəziyyət dənizkənarı ərazilərin müəyyən hissəsini əhatə edib və yerli sakinlər arasında müəyyən suallar doğurub.
AzadAzərbaycan xəbər verir ki, məsələ ilə əlaqədar olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin mütəxəssisləri dərhal dəniz sahilinə baxış keçiriblər.
Qurum əməkdaşları tərəfindən sudan lazımi nümunələr götürülərək laboratoriya müayinəsinə göndərilib. Aparılacaq təhlillərin nəticələri bəlli olduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcəyi bildirilib.




