
Almaniya kəşfiyyatı yeni kadrlar cəlb etmək üçün stolüstü oyun hazırlayıb
Almaniyanın Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarəsi kibertəhdidlərlə mübarizə və gənclərin diqqətini cəlb etmək məqsədilə xüsusi detektiv oyun yaratdı.
AzadAzərbaycan xəbər verir ki, Almaniyanın Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarəsi kibertəhdidlərlə mübarizə aparmaq və quruma yeni əməkdaşlar cəlb etmək məqsədilə orijinal stolüstü oyun hazırlayıb.
"Həyəcan rejimi: Qırmızı" adlı layihə "Hidden Games" nəşriyyatı ilə birgə ərsəyə gətirilib və onun təqdimatı Essendə keçirilən ixtisaslaşmış sərgidə baş tutub.
Əks-kəşfiyyat və kibertəhlükəsizlik mövzularını əhatə edən kooperativ detektiv oyunu 14 yaşdan yuxarı, altı nəfərədək iştirakçı üçün nəzərdə tutulub.
Oyunun süjetinə əsasən, iştirakçılar kritik infrastruktur obyektləri üzərində çalışan hidrotexnika mühəndisinin şübhəli ölümünü araşdırmalıdırlar. Təhqiqat zamanı adi görünən hadisə milli təhlükəsizlik böhranına çevrilərək əks-kəşfiyyatın müdaxiləsini tələb edir.
İştirakçılar tapşırıqları yerinə yetirərkən şifrələnmiş rabitə və pilotsuz uçuş aparatlarından istifadə kimi müasir mövzularla tanış olurlar.
Təhlükəsizlik qurumunun nümayəndəsinin sözlərinə görə, bu təşəbbüs yeni kommunikasiya strategiyasının tərkib hissəsidir. Qurum bu yolla vətəndaşları casusluq, ekstremizm və internetdə manipulyasiya riskləri barədə məlumatlandırmaq, eyni zamanda gənclərin fəaliyyətə marağını artırmaq niyyətindədir.




