
Con Bolton: Tramp Putinə borcludur və bu vəziyyət təhlükəlidir
ABŞ liderinin sabiq müşaviri Con Bolton Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə borclu olduğunu və bunun risk yaratdığını bəyan edib.
AzadAzərbaycan xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton Ağ Ev rəhbərinin Moskva ilə münasibətlərinə dair diqqətçəkən iddialarla çıxış edib. Keçmiş müşavir Trampın Rusiyaya tətbiq edilən sanksiyaları aradan qaldırmaqla Vladimir Putindən nəsə əldə etdiyini irəli sürüb.
Boltonun fikrincə, ABŞ lideri Rusiya prezidentini özünə dost sayır və Putinin ona bir yaxşılıq etdiyini düşünür. O qeyd edib ki, Rusiya rəhbəri bu vəziyyətdən olduqca məmnundur, çünki gələcəkdə Trampa xatırlada biləcəyi bir köməyi mövcuddur. Keçmiş müşavir bu halın təhlükəli olduğunu, bunun nəticələrinin nə vaxt və necə üzə çıxacağını bilmədiklərini, lakin Trampın artıq Putinə borclu qaldığını və bunu Putinin hamıdan yaxşı dərk etdiyini vurğulayıb.
Bununla belə, Con Bolton Tramp administrasiyasının Ukraynanı tamamilə arxa plana atması fikri ilə razılaşmadığını bildirib. O diqqətə çatdırıb ki, Ağ Ev hazırda bütün gücünü noyabrın 3-nə təyin edilmiş aralıq seçkilərinə yönəldib.
Respublikaçılar Partiyasının seçki öncəsi vəziyyətinin heç də ürəkaçan olmadığını deyən Bolton, Tramp hökumətinin inflyasiya, iqtisadi təhlükəsizlik və Fars körfəzindəki qarşıdurmalar səbəbindən bahalaşan yanacaq qiymətlərinə fokuslandığını qeyd edib. O əlavə edib ki, Tramp Rusiya dizel yanacağını tədarük etməklə daxili bazarda benzin qiymətlərini endirmək üçün tədbirlər gördüyü barədə mesaj verməyə çalışıb.




