
Canni İnfantino, Samir Şərifov və Rövşən Nəcəf Hövsan Yarış Kompleksində olublar
FIFA prezidenti Canni İnfantino, Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət ediblər.
AzadAzərbaycan xəbər verir ki, FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və festivalının Təşkilat Komitəsinin sədri Samir Şərifov, eləcə də AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk günündə Hövsan Yarış Kompleksinə gəliblər.
Rəsmi şəxslər səfər çərçivəsində idman kompleksində təşkil olunan şəraitlə yaxından tanış olub, həmçinin turnirin start görüşlərini izləyiblər. Məlumata görə, yarışların birinci günü Hövsan Yarış Kompleksində ümumilikdə 92 matçın keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, oktyabrın 22-dən 30-dək davam edəcək FIFA U-15 dünya çempionatı və festivalı çərçivəsində ilk qarşılaşmalara artıq start verilib. İlk dəfə təşkil olunan bu möhtəşəm turnir FIFA-ya üzv olan 189 milli assosiasiyanın gənc futbolçularını Bakıda toplayıb.
Turnirin rəsmi açılış mərasimi bu axşam "Kristal Zal"da baş tutacaq. Mərasimdən dərhal sonra Azərbaycan milli komandası Şərqi Timor seçməsi ilə üz-üzə gələcək.
Yüksəksəviyyəli nümayəndələrin bu ziyarəti beynəlxalq və yerli futbol qurumları arasındakı sıx tərəfdaşlığın göstəricisidir. Yarışın əsas məqsədi yeniyetmə futbolçuların inkişafına, təcrübə mübadiləsinə və idmanın kütləviləşməsinə dəstək olmaqdır.




