
Payız mövsümündə əhval-ruhiyyəni yaxşılaşdıran 10 faydalı qida
Qidalanma üzrə mütəxəssis Binnur Okan Bakır payızda ruh sağlamlığını dəstəkləyən vacib qidalar və həyat tərzi vərdişləri barədə tövsiyələr verib.
Payız aylarında ruh halının və əhval-ruhiyyənin dəyişməsinin qarşısını almaq üçün doğru qidalanma rejimindən istifadə etmək vacibdir. AzadAzərbaycan xəbər verir ki, qidalanma mütəxəssisi Binnur Okan Bakır insanın emosional vəziyyətinə təkcə qidaların deyil, kompleks amillərin təsir etdiyini diqqətə çatdırıb.
Mütəxəssis bildirir ki, işlənmiş ət məhsulları, şirniyyatlar, həddən artıq emal edilmiş yeməklər, əlavə şəkər və qızartmalar bədəndə iltihabi prosesləri artıraraq psixoloji duruma mənfi təsir göstərir. Bu səbəbdən gündəlik rasionda B qrupu vitaminləri, omeqa-3, zülal, lif və minerallarla zəngin qidalara üstünlük verilməlidir. Lakin unutmaq olmaz ki, heç bir qida maddəsi depresiyanı təkbaşına müalicə etmək gücünə malik deyil.
Ekspert payızda psixi sağlamlığı gücləndirən 10 əsas qidanı sıralayıb: immun sistemini və beyni dəstəkləyən balıq (həftədə iki dəfə), zülalla zəngin yumurta, qatıq və kefir, uzunmüddətli toxluq yaradan yulaf, eləcə də tam taxıllı çörəklər. Şorba və yeməklərdə noxud, lobya kimi paxlalılar, yaşıl, narıncı və qırmızı rəngli tərəvəz və meyvələr (sitrus, nar), həmçinin maqneziumla zəngin fındıq, badam, qoz kimi çərəzlər də rasiona əlavə edilməlidir. Bununla yanaşı, su, ayran və bitki çaylarının yetərincə qəbulu vacibdir.
Əhval-ruhiyyəni stabil saxlamaq üçün təkcə qidalanmaya deyil, həm də fiziki aktivliyə, yuxu rejiminə, gün işığından yetərincə yararlanmağa və sosial ünsiyyətə önəm verilməlidir. Mütəxəssis əlavə edib ki, yorğunluq, iştah və yuxu pozğunluğu, həmçinin uzun sürən ruh düşkünlüyü halları yaranarsa, həkimə müraciət olunmalıdır. D vitamini daxil olmaqla, hər hansı qida əlavəsi yalnız həkim məsləhəti ilə qəbul edilməlidir.




