
Azərbaycan Mərkəzi Bankı növbəti illər üçün inflyasiya proqnozunu yenilədi
Azərbaycan Mərkəzi Bankı 2026-cı il üzrə inflyasiya proqnozunu azaldıb, 2027-ci il üzrə isə bir qədər artırıb.
Azərbaycan Mərkəzi Bankı qarşıdakı illər üzrə inflyasiya gözləntilərini yenidən nəzərdən keçirib. Qurumun faiz dəhlizinin parametrlərinə dair açıqladığı məlumata əsasən, 2026-cı il üçün proqnoz aşağı salınıb, 2027-ci il üçün isə yüksəldilib.
Yenilənmiş oktyabr proqnozlarına görə, həm 2026-cı ilin, həm də 2027-ci ilin sonunda illik inflyasiyanın eyni səviyyədə - 5,9 faiz olacağı proqnozlaşdırılır. İyul ayı ilə müqayisədə 2026-cı ilin gözləntisi 0,2 faiz bəndi azaldılıb, 2027-ci ilin göstəricisi isə 0,1 faiz bəndi artırılıb. Əvvəlki rəqəmlər müvafiq olaraq 6,1 faiz və 5,8 faiz təşkil edirdi.
Mərkəzi Bankdan bildirilib ki, cari baza ssenarisi dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin dəyişməz qalacağını nəzərdə tutur. Lakin inflyasiya ilə bağlı mövcud risklər əsasən beynəlxalq mühitdə baş verən proseslərlə əlaqədardır.
Qlobal geosiyasi qeyri-müənyənliklər fonunda enerji və ərzaq qiymətlərinin bahalaşması, həmçinin bu amillərin əsas ticarət tərəfdaşları vasitəsilə daxili bazara təsir göstərməsi riskləri hələ də qüvvəsində qalır.
Xatırladaq ki, sentyabr ayında illik inflyasiya əvvəlki ayla müqayisədə 0,2 faiz bəndi azalaraq 5,5 faizə düşüb, illik baza inflyasiya isə 4,9 faiz səviyyəsində qeydə alınıb. AMB-nin hədəf diapazonu isə 4±2 faiz təşkil edir.




