
Donald Tramp riyazi bacarıqları ilə fəxr edib
ABŞ Prezidenti Donald Tramp koqnitiv testi uğurla keçdiyini bildirib və nailiyyətlərinin lazımınca qiymətləndirilməməsindən şikayətlənib.
AzadAzərbaycan xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp riyazi qabiliyyətləri ilə öyündüyünü ifadə edib. O, koqnitiv testi üç dəfə uğurla başa vurduğunu desə də, əldə etdiyi nailiyyətlərə layiqincə qiymət verilmədiyindən gileylənib.
Ayova ştatındakı çıxışı zamanı Amerika lideri testin mürəkkəbliyini auditoriyaya çatdırmağa çalışıb. O, sürətlə yerinə yetirilməli olan bir sıra riyazi hesablamaları səsləndirərək bu tapşırığın öhdəsindən az adamın gələ biləcəyini vurğulayıb.
Tramp əvvəlcə 49 rəqəmini üçə vurmağı, alınan nəticəni dördə bölməyi, üzərinə 2019 əlavə etməyi, daha sonra 87 çıxmağı, yenidən üçə bölməyi və sonda doqquza vurmağı təklif edib. Lakin dövlət başçısı həmin mürəkkəb məsələnin yekun cavabını açıqlamayıb.
Çıxışını emosional şəkildə davam etdirən ABŞ lideri testdən keçdiyini bir daha qeyd edib və tədbirdə iştirak edən həkimi səhnəyə çağırıb. Sonda o, Uolter Rid adına Milli Hərbi Tibb Mərkəzini yüksək qiymətləndirərək orada fəaliyyət göstərən həkimləri tərifləyib.




