
Türkiyədə çirkli pulların yuyulması istintaqı: Emir Sarıgül həbs edildi
İstanbul Baş Prokurorluğunun apardığı irimiqyaslı maliyyə maxinasiyaları və çirkli pulların yuyulması istintaqı çərçivəsində Emir Sarıgül və digər şəxslər həbs olunub.
Türkiyədə qeyri-qanuni yollarla əldə edilmiş külli miqdarda vəsaitin leqallaşdırılması ilə əlaqədar başladılan istintaq tədbirləri nəticəsində tanınmış iş adamı Emir Sarıgül barəsində həbs qətimkan tədbiri seçilib. İstanbul Respublika Baş Prokurorluğunun nəzarəti altında aparılan araşdırmalar ölkə daxilində və xaricdə təsis edilmiş şirkətlər vasitəsilə irihəcmli maliyyə axınlarının qanuniləşdirilməsi iddialarını əhatə edir.
Polis idarəsində dindirilməsi başa çatan Emir Sarıgül məhkəmə orqanlarına sövq edilib. Prokurorluqda ifadə verən şübhəli şəxs həbs olunması tələbi ilə növbətçi sülh cəza hakimliyinə göndərilib və məhkəmənin qərarı ilə o, rəsmi şəkildə həbsxanaya göndərilib.
İstintaq materiallarına əsasən, Almaniya vətəndaşları olan K.P. və M.B. bir sıra böyük maliyyə əməliyyatları ilə bağlı müraciət ediblər. Şikayətçilər 80 milyon avroluq müqavilə bağlandığını, 100 milyon avronun köçürüldüyünü, dövlət resursları və nüfuzdan istifadə olunaraq 1 milyard avro kreditin xaricə çıxarılmasının vəd edildiyini, habelə 1,5 milyon avro dəyərində yaxtanın satıldığını bəyan ediblər. Həmçinin sözügedən sənədləri jurnalist Murat Ağırelə təqdim etdikdən sonra hədə-qorxulara məruz qaldıqlarını bildiriblər.
Toplanan dəlillər, ifadələr, audio və videomateriallar əsasında Emir Sarıgül, Ömer Sarıgül, Aylin Kotil, Volkan Aslanbaş, Cavidan Tanrah Artuner və Murat Ağırel barəsində saxlanılma qərarı çıxarılıb. Mustafa Sarıgüllə bağlı iddialar isə araşdırılmaq üçün Ankara Respublika Baş Prokurorluğuna yönləndirilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslərdən Cemil Vasken Barın və Uğur Kurtulan məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılsa da, daha 15 şübhəli şəxs barəsində həbs qərarı qəbul edilib. Faktla bağlı istintaq prosesi davam edir.




