
Nadir Azəri: Azərbaycanın uğurları məqsədyönlü siyasətin nəticəsidir
Qalib Azərbaycanın qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi məqsədyönlü strategiyanın məntiqi nəticəsidir.
AzadAzərbaycan xəbər verir ki, "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin sədri Nadir Azəri ölkəmizin inkişaf yolu və qazanılan nailiyyətlər barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, Azərbaycan yalnız Cənubi Qafqazın lideri deyil, həm də Türk dünyasında və regionda aparıcı siyasi aktyora çevrilib.
Nadir Azəri bildirib ki, dövlətimizin qüdrətlənməsi, torpaqlarımızın işğaldan azad edilməsi və sosial rifahın yüksəldilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla sürdürülən strategiyanın bəhrəsidir. Bu inkişaf xətti ardıcıl və davamlı xarakter daşıyır.
İctimai birliyin sədri Yeni Azərbaycan Partiyasının (YAP) ölkənin tərəqqisindəki rolunu da vurğulayıb. O qeyd edib ki, oktyabrın 2-də keçirilən qurultay Azərbaycanın tam suverenliyini bərpa etdiyi yeni geosiyasi reallıqlar şəraitində baş tutduğu üçün xüsusi əhəmiyyət kəsb edir.
Mütəxəssisin fikrincə, 8 noyabr 2020-ci il Zəfəri və 20 sentyabr 2023-cü il lokal antiterror tədbirləri separatçılığa son qoyaraq ölkənin suverenliyini tam təmin etdi. Zəfərdən sonra üzləşdiyi müxtəlif xarici təzyiqlərə baxmayaraq, Azərbaycan prinsipial mövqeyini qoruyub saxlayıb və yeni imkanlar mərhələsinə qədəm qoyub.




