
Bakıda qadının açıq quyuya düşməsi ilə bağlı məhkəmə qərarı açıqlandı
Paytaxtda avtomobildən düşərkən açıq qalan yağış kanalizasiya quyusuna düşərək xəsarət alan qadınla bağlı məhkəmə prosesi başa çatıb.
AzadAzərbaycan xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən Sarayevo küçəsində qeydə alınıb.
Belə ki, vətəndaş avtomobildən düşərkən yol kənarındakı açıq qalan yağışqəbuledici quyuya düşüb və nəticədə onun sağ baldır sümükləri sınıb, sağlamlığına az ağır zərər dəyib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin vəzifəli şəxsi məsuliyyətə cəlb olunub.
Xətai Rayon Məhkəməsinin çıxardığı bəraət hökmündən sonra prokurorluq apellyasiya protesti verib və işə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılıb.
Apellyasiya instansiyası əvvəlki hökmü ləğv edərək vəzifəli şəxsi təqsirli bilib və onu 2000 manat məbləğində cərimə cəzasına məhkum edib.




