
Təzə və keyfiyyətli balığı necə seçmək olar - Ekspertdən mühüm tövsiyələr
Qida üzrə ekspert Asim Vəliyev balıq alarkən diqqət yetirilməli olan əsas məqamlar və saxlanma qaydaları haqqında məlumat verib.
AzadAzərbaycan xəbər verir ki, balıq yüksək riskli qida məhsulları sırasına daxil edildiyi üçün onun seçimində və saxlanmasında müəyyən təhlükəsizlik qaydalarına riayət olunması vacibdir. Qida üzrə ekspert Asim Vəliyev bildirib ki, məhsulu alarkən ilk növbədə onun təzəliyinə fikir verilməlidir. Keyfiyyətli və təzə balıq kəskin, narahatedici qoxuya malik olmamalı, gözləri şəffaf, qəlsəmələri isə təmiz və qırmızımtıl rəngdə görünməlidir.
Ekspertin sözlərinə görə, təzə balığın əti möhkəm və elastik olmalıdır. Barmaqla yüngülcə basıldıqda ətin öz əvvəlki formasını bərpa etməsi onun təzə olduğunu sübut edir. Əksinə, turşumuş qoxu, batıq və bulanıq gözlər, həmçinin yumşaq ət struktur məhsulun xarab olmasının göstəricisidir.
Balığın satıldığı mühitin şəraiti də böyük əhəmiyyət kəsb edir. Ekspert vurğulayıb ki, balıq mütləq sərin yerlərdə, xüsusilə də buz üstündə nümayiş olunmalıdır. Günəş şüaları altında və ya isti temperaturda satılan məhsulları almaq məqsədəuyğun deyil. Dondurulmuş balıq alarkən qablaşdırmanın zədələnmədiyinə və onun dəfələrlə əridilib yenidən dondurulmadığına əmin olmaq lazımdır.
Bununla yanaşı, satış məntəqəsinin sanitariya qaydalarına cavab verməsi və çiy balığın hazır qida məhsullarından ayrı saxlanması vacib şərtlərdəndir. Balıq zəngin zülal və Omeqa-3 yağ turşuları mənbəyi kimi faydalı olsa da, alıcılar civə riskini də gözə almalıdırlar. Böyük və uzun ömür sürən balıqlarda civə toplanma ehtimalı yüksək olduğundan, fərqli balıq növlərinə və civə tərkibi aşağı olanlara üstünlük vermək tövsiyə olunur.




