
Bakı metrosunun stansiyalarında xüsusi tibbi aparatlar quraşdırılacaq
Bakı Metropoliteninin stansiyalarında avtomatik xarici defibrilyatorların quraşdırılması istiqamətində işlər son mərhələdədir.
Azərbaycan paytaxtının yeraltı nəqliyyatında sərnişinlərin təhlükəsizliyinin artırılması və sağlamlığının qorunması məqsədilə vacib yeniliyə başlanılıb.
Bakı Metropoliteni QSC-dən verilən məlumata görə, qurumun stansiyalarında avtomatik xarici defibrilyatorların quraşdırılması ilə əlaqədar elan edilən tender prosesi yekunlaşıb və hazırda son hazırlıq işləri aparılır.
Aparılan tədbirlər nəticəsində metropolitenin ümumilikdə 27 stansiyası zəruri tibbi cihazlarla təmin olunacaq, eyni zamanda digər müvafiq təhlükəsizlik addımları atılacaq.
Qeyd edək ki, avtomatik xarici defibrilyatorlar ürəyin qəfil dayanması hallarında insan həyatını xilas etmək üçün istifadə olunan, ürəyə elektroşok tətbiq etməklə onun normal ritmini bərpa etməyə imkan verən portativ qurğulardır.




