
Sərt əti qısa müddətdə pambıq kimi yumşaltmağın sadə üsulu
Mətbəxdə ən çox qarşılaşılan çətinliklərdən biri olan sərt ətin tezbişməsi və yumşalması üçün təbii üsul açıqlanıb.
Saatlarla ocaqda qaynamasına baxmayaraq lif-lif ayrılmayan və rezin kimi bərk qalan ət mətbəxdə problem olmaqdan çıxır. Təcrübəli aşpazların qazana əlavə etdiyi təbii vasitə, hətta təzyiqli qazana ehtiyac qalmadan ətin toxumasını tamamilə yumşaltmağa imkan verir.
AzadAzərbaycan xəbər verir ki, bulyon qaynamağa başlayanda suya əlavə edilən bir çay qaşığı alma sirkəsi və ya çay sodası suyun pH balansını dəyişir. Yüksək turşu və ya qələvi mühiti ətin bərk kollagen bağlarını, həmçinin zülal zəncirlərini sürətlə parçalayaraq istiliyin ətin dərininə nüfuz etməsini təmin edir.
Bişmə zamanı sirkə buxarlanır və geridə heç bir turş dad və ya qoxu saxlamır. Soda isə ətin şirəsini daxilində qoruyub saxlayaraq onun bişmə müddətini demək olar ki, yarıbayarı azaldır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, duzu bişmənin əvvəlində əlavə etmək ətin şirəsini çölə çıxarır və liflərini daha da bərkidir. Ən mükəmməl nəticə əldə etmək üçün sirkəni və ya sodanı prosesin əvvəlində, duzu isə ət tam yumşaldıqdan sonra, ocaqdan götürməyə on dəqiqə qalmış əlavə etmək lazımdır.




