
Qəhvəyə ədviyyat əlavə etmək ənənəsi İslam dünyasından qaynaqlanır
Müxtəlif ədviyyatlarla zənginləşdirilən qəhvə içmək ənənəsi qədim dövrlərə və İslam dünyasına gedib çıxır.
AzadAzərbaycan xəbər verir ki, müasir dövrdə müxtəlif əlavələrlə hazırlanan qəhvələr heç kimi təəccübləndirməsə də, bu içkiyə ədviyyatların qatılması tarixi əslində İslam dünyasına köklənir. Avropalılar qəhvəyə şəkəri yalnız XVIII əsrdə əlavə etməyə başlayıblar, şokolad, vanil və karamel kimi əlavələr isə sonrakı dövrlərdə populyarlaşıb.
Afrikanın şərq sahilində qəhvə "kahava" adlanır və zəncəfil, kardamon, eləcə də darçın, qərənfil kimi ədviyyatlarla hazırlanır. Mərakeşdə isə qəhvəyə digər ədviyyatlarla yanaşı qara bibər də qatılır və hazır içki süd ilə təqdim olunur.
Cənubi Asiyada, xüsusilə Hindistanda məşhur olan masala qəhvəsinin hazırlanmasında kardamon, darçın, zəncəfil və qərənfil istifadə olunur. Ərəbistan yarımadasında qəhvə əsasən kardamonla dəmlənir, Yəməndə isə qəhvə giləmeyvələrinin qaynadılması xüsusilə populyardır.
Ənənəvi fars qəhvəsinin reseptinə isə kardamondan əlavə zəfəran və gül suyu daxildir. Hazırlanma prosesində içki xüsusi üsulla qablardan fincana tökülərək daha zəngin dad alması təmin edilir.




