
Rotterdam kitabxanasına dörd əsr sonra qayıdan nadir kitab təqdim olunacaq
İntibah dövrünün filosofu Rotterdamlı Erazmın illər öncə itmiş hesab olunan nadir kitabı Rotterdam kitabxanasına geri qayıdıb.
AzadAzərbaycan xəbər verir ki, Rotterdam kitabxanasına dörd əsr əvvəl itmiş hesab edilən və yalnız şayiələrdən məlum olan unikal kitab qaytarılıb. Mədəni irsin qorunub saxlanılmasına töhfə verən ABŞ-nin Ostin şəhərindən olan antikvar mütəfəkkirin kolleksiyası ilə tanış olduqdan sonra kitabxanaya bu nadir nüsxəni təklif edib.
Söhbət 1609-cu ildə fransız dilində çap olunmuş uşaqlar üçün etiket qaydalarını əks etdirən "La civilité puerile" kitabından gedir. Həmin əsərdə Erazm gənc oxuculara təmizlik və davranış qaydalarını ironik və sərt üslubla izah edib.
Rotterdam kolleksiyasının kuratoru Con Tolen bu tapıntını müstəsna hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, bu nüsxə həmin tirajdan dövrümüzə gəlib çatan yeganə nüsxə ola bilər.
Qeyd edək ki, Rotterdam kitabxanası artıq Erazmın irsinə aid 3 mindən çox nəşri özündə birləşdirən dünyanın ən böyük irs anbarlarından biridir. Yeni tapılan nadir əsər də məhz həmin zəngin fonda əlavə olunub və oktyabrın 24-də ictimaiyyətə təqdim edilməsi planlaşdırılır.




