
Mətbuat Şurası 225 nömrəli məktəbdəki insidentlə bağlı bəyanat yaydı
Mətbuat Şurası Bakının 225 nömrəli məktəbində şagirdin ölümü ilə bağlı çəkiliş aparan jurnalistlərə tətbiq edilən zorakılığı pisləyib.
Bakı şəhərinin Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə nəticələnən faciə və ardınca yaşanan qarşıdurma cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bu barədə Azərbaycan Mətbuat Şurasının yaydığı açıqlamada bildirilir.
Bəyanatda qeyd olunub ki, bu qəbildən olan gözlənilməz hadisələr ictimaiyyətin daim diqqət mərkəzində olur, məsuliyyət və təhlükəsizlik məsələləri ilə bağlı haqlı suallar doğurur. Kütləvi informasiya vasitələri əməkdaşlarının hadisəni işıqlandırmaq və əhalini məlumatlandırmaq səyləri jurnalistika fəaliyyətinin əsas tələblərindəndir.
AzadAzərbaycan xəbər verir ki, Mətbuat Şurası "Real TV" heyətinin çəkiliş zamanı fiziki təzyiqə məruz qalmasını qətiyyətlə pisləyib və bunu yolverilməz adlandırıb. Şura vurğulayıb ki, jurnalistlərin peşə borclarını yerinə yetirmələrinə engel törədilməsi, hücuma və ya təhdidə məruz qalmaları qəbulolunmazdır. İnsidentlər hüquq çərçivəsində və etik qaydalara riayət olunaraq həll edilməlidir.
Bununla yanaşı, qurum faciəli vəziyyətlərin, xüsusən də azyaşlılarla bağlı həssas mövzuların işıqlandırılması zamanı media mənsublarını peşə etikasına və təmkinli yanaşmaya riayət etməyə çağırıb.
Mətbuat Şurası baş vermiş xoşagəlməz halın hərtərəfli araşdırılacağına və təqsirkarların əməlinə lazımi hüquqi qiymət veriləcəyinə ümid etdiyini diqqətə çatdırıb.




