
Azərbaycan və Slovakiya hərbi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Müdafiə naziri Zakir Həsənov və Ordunun Baş Qərargah rəisi Kərim Vəliyev Bakıda Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Miroslav Lorinc ilə görüşüblər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Miroslav Lorincin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.
Müdafiə Nazirliyində təşkil edilən görüş zamanı Z.Həsənov iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hərbi sahədəki əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. Nazir hərbi əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu bildirərək, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən general M.Lorinc isə hərbi tərəfdaşlığın daha da dərinləşməsində qarşılıqlı səfərlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Səfər çərçivəsində Baş Qərargahda rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki dövlətin nəğmələri - Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.
Daha sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev də Slovakiyanın nümayəndə heyəti ilə bir araya gəlib. Danışıqlar zamanı hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




