
Leyla Əliyeva Arkadağda Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzi ilə tanış olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanın Arkadağ şəhərində yerləşən Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzində yaradılan şəraitlə tanış olub.
AzadAzərbaycan xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Arkadağ şəhərində fəaliyyət göstərən Qurbanqulu Berdiməhəmmədov adına Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzini ziyarət edib.
Səfər çərçivəsində Leyla Əliyevaya müəssisədə uşaqların fiziki inkişafı, sağlamlıqlarının bərpası və müalicəvi reabilitasiya istiqamətində görülən işlər, eləcə də göstərilən xidmətlər barədə geniş məlumat verilib.
Bərpa müəssisəsinin masaj, oyun və digər müasir reabilitasiya bölmələri ilə tanışlıq zamanı vurğulanıb ki, mərkəz ən son tibbi avadanlıqlarla təchiz olunub və beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Burada fiziki imkanları məhdud uşaqların inteqrasiyası və tam bərpası üçün lazımi şərait təmin edilib.
Bundan əlavə, uşaqların psixoloji rahatlığını təmin etmək, ünsiyyət qabiliyyətlərini artırmaq və asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaq məqsədilə xüsusi dizayn edilmiş oyun otaqları istifadəyə verilib.




