
Kamran Əsədov və Gündüz Abbasovun məhkəməsində vəkil xəbərdarlığı
İmtahanlara qanunsuz texniki vasitələr keçirməkdə ittiham olunan təqsirləndirilən şəxslərin məhkəmə iclasında xəbərdarlıq edilib.
AzadAzərbaycan xəbər verir ki, qəbul və buraxılış imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsində ittiham olunan Kamran Əsədov və Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda müdafiəçilər iştirak etməyib. Hakim təqsirləndirilən şəxslərə xəbərdarlıq edərək bildirib ki, vəkilləri növbəti məhkəməyə gəlməzlərsə, onlar dövlət hesabına müdafiəçi ilə təmin olunacaqlar. İş üzrə növbəti iclas oktyabrın 30-na təyin olunub.
İstintaq materiallarına əsasən, fərdi sahibkar Gündüz Abbasov hazırlıq kursunun şagirdlərinə testləri cavablandırmağa yardım etmək məqsədilə xüsusi texniki vasitələr hazırlayıb. O, Kamran Əsədovla əlbir olaraq ümumilikdə 11 nəfərin üzərinə həmin qurğuları quraşdırıb. Həmçinin Sumqayıtda Sənan Hüseynov adlı şəxsin də bu növ 31 ədəd texniki vasitənin satışını həyata keçirdiyi müəyyən edilib.
Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxslərə müvafiq maddələrlə ittiham verilib. G.Abbasov barəsində həbs, digər şəxslər haqqında isə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Məhkəməyə göndərilən iş üzrə K.Əsədovun əvvəllər də analoji hallarla bağlı cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.




