
Ermənistanın Qərbə meyli və Rusiyanın təzyiqləri: İqtisadi asılılıq fonunda geosiyasi dilemma
Rusiyanın Ermənistanın Aİİ-dən çıxacağı təqdirdə qaz qiymətlərini artıracağı və pul köçürmələrini azaldacağı ilə bağlı hazırladığı məruzə sadəcə iqtisadi hesablamalar deyil, açıq siyasi təzyiqdir.
Moskvanın Ermənistanın Avrasiya İqtisadi İttifaqından ayrılacağı halda qaz qiymətlərinin kəskin artması və pul köçürmələrinin əhəmiyyətli hissəsinin itiriləcəyi barədə hazırladığı məruzə xalis iqtisadi hesablamadan daha çox, açıq siyasi təzyiq və çəkindirmə mexanizmidir. Bu vəziyyət Rusiyanın İrəvana yönəlik strategiyasını və Ermənistanın xarici siyasət seçimlərinin gələcəyini qiymətləndirməyə əsas verir.
Rusiya xüsusilə son illərdə Ermənistanın Qərbə doğru sürətlə meyil etməsini özünün geostrateji maraqlarına birbaşa təhdid kimi qiymətləndirir. Ermənistan iqtisadiyyatının struktur baxımından tam şəkildə Moskvadan asılı olması, o cümlədən qaz təchizatı, dəmir yolları və energetika şəbəkələrinin rus şirkətlərinin nəzarətində olması İrəvanın zəif nöqtələri olaraq qalır.
Məruzədəki rəqəmlər İrəvan rəhbərliyinə göstərir ki, Aİİ-dən çıxmağın siyasi qiyməti dərin iqtisadi kollaps ola bilər. Ermənistanın Rusiyadan iqtisadi, hərbi və siyasi asılılığını qısa müddətdə sıfırlayaraq tam şəkildə Qərbə inteqrasiya etməsi praktiki olaraq qeyri-mümkündür, çünki Qərb hələ ki bu yükü götürməyə hazır deyil.
Ermənistanın Rusiya ilə Qərb arasında sıxışıb qalması onun xarici siyasətində ciddi illüziya və reallıq toqquşması yaradır. İrəvan uzun illər yürütdüyü çoxvektorlu siyasəti bərpa etməyə çalışsa da, müasir qlobal şəraitdə bu balans artıq iflasa uğramışdır və ölkəni təhlükəsizlik vakuumuna sürükləyir.
Ekspertlərin qənaətinə görə, Ermənistanın mövcud asılılıqları azaltmasının yeganə real yolu regiona inteqrasiya olunmaqdır. Azərbaycan və Türkiyə ilə sülh müqaviləsinin imzalanması, sərhədlərin və nəqliyyat kommunikasiyalarının açılması İrəvana alternativ enerji və logistika marşrutlarına çıxış qazandıra bilər.




