
Rusiyalı bloqçudan Kremlə xəbərdarlıq: Qışda elektriksiz qala bilərik
Rusiyalı Z-bloqçu Maksim Kalaşnikov Ukraynanın cavab zərbələri nəticəsində Rusiyanın qışda işıqsız və istiliksiz qalacağından ehtiyat edir.
Rusiyalı Z-bloqçu və hərbi şərhçi Maksim Kalaşnikov qarşıdan gələn qış mövsümü ilə bağlı narahatlığını dilə gətirib. O, Ukrayna tərəfinin mümkün hücumlara görə qisas alacağını və rusiyalıları elektrik enerjisi ilə istilikdən məhrum edəcəyini ehtimal edir.
Kalaşnikovun sözlərinə görə, Kreml Ukraynanı güzəştə getməyə məcbur etmək üçün yaxın aylarda bu ölkənin kritik infrastrukturuna zərbələri gücləndirməyi planlaşdırır. Lakin mövcud şəraitdə Moskvanın cavab hücumları ilə üzləşmək riski olduqca yüksəkdir.
O xatırladıb ki, Kiyevin sərəncamında artıq uzunmənzilli raketlər və hücum PUA-ları mövcuddur. Bu silahlar vasitəsilə Ukrayna qüvvələri ölkənin əsas qaz mərkəzi olan Yamala və ya Moskva Enerji Halqasına zərbələr endirmək imkanına malikdir.
Moskva Enerji Halqası paytaxtı və ətraf bölgəni enerji ilə təmin edən vacib yüksəkgərginlikli şəbəkədir. Mütəxəssislər qeyd edirlər ki, qışın şaxtalı günlərində bu cür mühüm qovşaqlarda baş verə biləcək hər hansı qəza Rusiya üçün ağır nəticələr doğura bilər.




