
Güney azərbaycanlı dramaturq Mehdi Muradpur Almaniyada vəfat edib
Güney azərbaycanlı tanınmış dramaturq, yazıçı və tərcüməçi Mehdi Muradpur Almaniyanın Hamburq şəhərində dünyasını dəyişib.
AzadAzərbaycan xəbər verir ki, əslən Güney Azərbaycandan olan tanınmış dramaturq, yazıçı və tərcüməçi Mehdi Muradpur Almaniyanın Hamburq şəhərində vəfat edib. Bu barədə məlumatı mərhumun ailəsi yayıb.
Bildirilib ki, qələm sahibi oktyabrın 20-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, Mehdi Muradpur 1979-cu ildə Tehranda soydaşımızın ailəsində dünyaya göz açıb. O, 2001-ci ildə Almaniyaya köçüb. Leypsiq və Havanada sosiologiya, mədəniyyətşünaslıq, eləcə də ispan dili və ədəbiyyatı sahəsində təhsil alan yazıçı, 2014-cü ildən etibarən Avstriyanın Qrats şəhərində dramaturgiya ixtisasına yiyələnib.
Almaniya və Avstriyada beş səhnə əsəri nümayiş etdirilən müəllifin "Məkansız bədən" romanı ən çox oxunan kitablar arasında yer alıb.




