
Azərbaycanın köhnə 1000 manatlıq əskinası beynəlxalq hərracda baha qiymətə satılıb
Azərbaycanın 2001-ci ildə dövriyyəyə buraxılmış neft buruqları təsvirli 1000 manatlıq əskinası beynəlxalq hərracda 1 020 manata alıcı tapıb.
Azərbaycanın 2001-ci ildə dövriyyəyə buraxılmış, üzərində neft buruqları təsvir olunan 1000 manatlıq əskinası beynəlxalq hərracda 1 020 manata satılıb. Bu pulların dəyəri onların qorunma dərəcəsindən, seriya nömrəsindən və beynəlxalq sertifikatlaşdırmadan keçib-keçməməsindən asılı olaraq dəyişir.
Numizmatların sözlərinə görə, həmin əskinaslar Azərbaycan Milli Bankının sifarişi ilə Britaniyanın "De La Rue" şirkəti tərəfindən hazırlanıb və cəmi beş il dövriyyədə qaldıqdan sonra 2006-cı ildə denominasiya səbəbindən tədavüldən çıxarılıb. Dizaynında neft sənayesi elementlərinə üstünlük verilən pulun ön tərəfində neft platformaları, arxa tərəfində isə milli ornamentlər əks olunub.
Kolleksiyaçılar qeyd edirlər ki, adi dövriyyə əskinaslarının qiyməti onların vəziyyətinə görə bir neçə manat təşkil etsə də, beynəlxalq sertifikasiyadan keçmiş və xüsusi dərəcə almış nadir nümunələr xeyli baha qiymətləndirilir. Məsələn, "Specimen" kateqoriyasına aid edilən və sıfır seriya nömrəsi daşıyan nümunələr hərraclarda min manatdan artıq məbləğə alıcı tapa bilir.




