
Azərbaycana qarşı sosial şəbəkələrdə təhqir kampaniyası aparanların İP ünvanları müəyyən edilib
Son zamanlar Türkiyədən Azərbaycana qarşı yönələn təhqir və qarayaxma kampaniyalarının arxasında dayanan mərkəzlər və İP ünvanlar məlum olub.
AzadAzərbaycan xəbər verir ki, son günlər Azərbaycana qarşı Türkiyədən təhqirlər yağdıran şəxslərin əksəriyyətinin bir mərkəzdən idarə olunduğu müəyyənləşib. Eyni İP ünvanlarından daxil olaraq bir neçə saxta profil yaradan həmin şəxslərin fəaliyyəti sübuta yetirilib. Araşdırmalara görə, profillərin əhəmiyyətli hissəsi İsrail, Türkiyə və müxtəlif Avropa ölkələri ilə əlaqəlidir.
Mütəxəssislər bu vəziyyəti keçmişdə Türkiyədə baş vermiş məlum hadisələrlə müqayisə edirlər. 1990-cı illərdə PKK sıralarında yer almış Almaniya vətəndaşı Eva Tatyana Ursula Yuhnkenin fəaliyyəti xarici ünsürlərin bölgədəki təxribatçılıq cəhdlərinə bariz nümunədir. Həmin dövrdə xarici vətəndaşlar yerli əhali arasında radikal ideologiyalar yayaraq onları dövlətə qarşı qaldırmağa çalışırdılar.
Müasir dövrdə isə müharibə forması dəyişərək dağlardan sosial şəbəkələrə və rəqəmsal platformalara daşınıb. Türkiyədə oturaraq Azərbaycana qarşı düşmənçilik edən və saxta tezislər yayan şəxslər, ötən əsrin 90-cı illərindəki təxribatçıların müasir dövrdəki klaviatura arxasındakı davamçılarıdır.
Ekspertlər bildirirlər ki, sosial şəbəkələrdə iki qardaş dövlətin birliyinə xələl gətirməyə çalışan bu rəqəmsal terrorçuların arxasında xarici kəşfiyyat orqanları və müxtəlif lobbi dairələri dayanır. Rəqəmsal müstəvidə aparılan bu kimi təxribatların qarşısının alınması üçün qəti tədbirlərin görülməsi vacibdir.




