
Sökülən binaların sakinlərinə təqdim edilən yeni mənzillər vergidən azad olunacaq
Sökülən binaların sakinlərinə kompensasiya olaraq verilən yeni mənzillər və qeyri-yaşayış sahələri, eləcə də əlavə 20 faizlik sahə vergidən azad ediləcək.
Azərbaycanda sökülən binaların sakinlərinə kompensasiya qismində verilən yeni mənzillərlə əlaqədar vergi güzəştinin tətbiqi nəzərdə tutulur. Bu yenilik 2027-ci ilin dövlət büdcəsi layihəsində öz əksini tapıb.
Məsələ ilə bağlı açıqlama verən əmlak eksperti Fərid Cəfərli bildirib ki, bu addım vətəndaşların üzərinə düşən əlavə vergi öhdəliyinin aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır. Çünki sökülən binanın əvəzinə yeni tikilidən mənzil alan şəxs bunu kommersiya gəliri kimi deyil, mövcud mülkiyyətinin ekvivalent əvəzi kimi qəbul etməlidir.
Ekspert qeyd edib ki, güzəşt təkcə yaşayış sahələrinə deyil, həm də qeyri-yaşayış sahələrinə şamil olunacaq. Bu isə mağaza, ofis və digər kommersiya obyektləri olan mülkiyyətçilər üçün sahibkarlıq fəaliyyətinin davamlılığına müsbət təsir göstərəcək.
Onun sözlərinə görə, təklif edilən mexanizmin ən əsas üstünlüklərindən biri məhz 20 faizlik əlavə sahənin də güzəştə daxil edilməsidir. Real tikinti prosesində mənzillərin sahəsinin tam üst-üstə düşməsi həmişə mümkün olmadığından, bu qərar əlavə maliyyə yükünün yaranmasının qarşısını alacaq.
Fərid Cəfərli əlavə edib ki, bu tənzimləmə vətəndaşlar və tikinti şirkətləri arasında münasibətlərdə hüquqi və iqtisadi baxımdan daha proqnozlaşdırılan mühit formalaşdıracaq.




