
Prezident İlham Əliyev Ağdam Sənaye Parkında iki yeni zavodun açılışını etdi
Dövlət başçısı İlham Əliyev Ağdam Sənaye Parkında ortopedik döşək və metal məmulatları istehsalı müəssisələrinin fəaliyyətə başlaması mərasimlərində iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkına səfər edərək burada iki yeni sənaye müəssisəsinin açılış mərasimində iştirak edib. Dövlət başçısına ilk olaraq "Komfy" MMC-nin ortopedik döşək istehsalı zavodu barədə ətraflı məlumat təqdim olunub. Qeyd olunub ki, illik istehsal gücü 130 min ədəd olan bu müəssisədə ilk dəfə olaraq daşınmanı asanlaşdıran "roll-pack" formatlı döşəklər hazırlanacaq və 65 nəfər daimi işlə təmin olunacaq.
AzadAzərbaycan xəbər verir ki, Prezident İlham Əliyev daha sonra Sənaye Parkının digər yeni rezidenti olan "ASMC" MMC-nin metal məmulatları istehsalı zavodunun açılışını reallaşdırıb. İki mərhələdə həyata keçirilən bu layihə çərçivəsində polad həsir, müxtəlif məftillər və mismar istehsalı planlaşdırılır. Tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə müəssisədə 100 nəfərlik iş yeri yaradılacaq. Müəssisənin məhsulları azad edilmiş torpaqlardakı tikinti işlərində yerli təminat imkanlarını artıracaq.
Məlumat üçün bildirilsin ki, 2021-ci ildə yaradılan 190 hektarlıq Ağdam Sənaye Parkında hazırda 39 müəssisə qeydiyyata alınıb. Layihələrə faktiki 192,6 milyon manat investisiya qoyulub və 1000-dən çox insan işlə təmin edilib. Rezidentlər üçün tətbiq olunan güzəştlər və dövlət dəstəyi regiona özəl investisiya axınını əhəmiyyətli dərəcədə stimullaşdırır.




