
Bakıda polkovnikin maşını ilə vurduğu qadının yeni detalları üzə çıxıb
Paytaxtda polkovnikin idarə etdiyi avtomobilin vuraraq öldürdüyü qadının həyətdə məişət əşyaları və geyimlər topladığı məlum olub.
AzadAzərbaycan xəbər verir ki, Bakıda polkovnikin idarə etdiyi avtomobillə qadının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları bəlli olub. Qəza Məhəmməd Naxçıvani küçəsindəki 15 mərtəbəli binanın yeraltı dayanacağında qeydə alınıb.
Binanın komendantı Etibar Qasımovun sözlərinə görə, həyatını itirən Esmira Sadıqova həyətdəki zibil qutularından tullantılar və müxtəlif əşyalar toplayırmış. Hadisə baş verən zaman sakinlər dərhal əraziyə gəlib və təcili tibbi yardıma məlumat veriblər. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.
Komendant qeyd edib ki, dünyasını dəyişən qadının sosial vəziyyəti çətin olub. O, oğlunun həbsdə olduğunu bildirərək, nəvələri üçün ərazidən yararlı geyimlər və məişət əşyaları yığırmış.
Hadisə şahidlərinin iddialarına əsasən, avtomobilin sürməsində günahlandırılan Həsən Seyidbəyov qadını vurduğundan xəbərsiz olduğunu deyib. O, hadisədən sonra mənzilinə qalxıb, baş verənlərdən xəbər tutduqdan dərhal sonra isə özü təcili yardıma zəng edib.




