
Bakıda 22 il əvvəl ali məktəbdə törədilən qətlin üstü açılıb
2002-ci ildə Neft Akademiyasında mühafizəçinin öldürülməsi ilə bağlı bağlı qalmış cinayətin üstü açılıb və şübhəli şəxs həbs olunub.
Hüquq-mühafizə orqanlarının birgə keçirdiyi kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində illər əvvəl törədilmiş daha bir xüsusilə ağır cinayətin üstü açılıb. AzadAzərbaycan xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri məsələ ilə bağlı birgə məlumat yayıb.
Bildirilib ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırkı ADNSU) həyətində mühafizəçi Məhəmmədəli Məhərrəmovun qətlə yetirilməsi və binadan müxtəlif əşyaların oğurlanması faktı üzrə təzələnən cinayət işi çərçivəsində çoxsaylı prosessual addımlar atılıb.
Toplanan təkzibedilməz sübutlar əsasında cinayəti 1997-ci ildə həmin ali məktəbdən xaric edilmiş, əvvəllər məhkumluq həyatı yaşamış 1979-cu il təvəllüdlü Vüqar Cahangirovun törətdiyinə əsaslı şübhələr daxil olub.
Noyabrın 4-də saxlanılan V.Cahangirova qarşı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə və digər müvafiq maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.




