
Məşhur modelin amansız qətli ilə bağlı gözlənilməz detallar üzə çıxdı
Honkonqda amansızlıqla öldürülən məşhur model Abbi Çoinin məhkəməsində dəhşətli faktlar və cinayətin başvermə səbəbləri açıqlanıb.
AzadAzərbaycan xəbər verir ki, 2023-cü ildə Honkonqda qətlə yetirilən model və sosial media fenomeni Abbi Çoinin məhkəmə prosesində şok məlumatlar verilib. Məhkəmə-tibbi eksperti Kvok Ka-kinin açıqlamasına görə, 28 yaşlı modelin baş hissəsi iri şorba qazanında, ayaqları isə soyuducudan tapılıb.
Ekspert bildirib ki, qazan daxilindəki mayedə aşkar edilən kəllə sümüyünün sağ hissəsində çəkic zərbəsinin izləri müəyyən olunub. Mənzildə keçirilən baxış zamanı vanna otağındakı elektrik mişarında insan toxuması qalıqları aşkarlanıb. Həmçinin modelin ayaqlarının ölüm baş verdikdən sonra iti alətlə kəsildiyi təsdiqlənib.
Cinayətin əsas motivi kimi təxminən 72 milyon Honkonq dolları dəyərindəki lüks mənzillə bağlı yaranmış mübahisə göstərilir. Məlumata görə, Abbi Çoinin sözügedən əmlakı satmaq istəməsi onun keçmiş qayınatası Kvonq Kau ilə münasibətlərini kəskinləşdirib.
Qətl hadisəsi ilə bağlı modelin keçmiş həyat yoldaşı Aleks Kvonq, qayınatası Kvonq Kau və qayını Entoni Kvonq məsuliyyətə cəlb olunublar. Təqsirləndirilən şəxslər qətl ittihamını rədd etsələr də, cəsədin gizlədilməsi və dəfnə mane olunması maddəsi üzrə təqsirlərini boyunlarına alıblar. İttihamlar sübuta yetirilərsə, onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.




