
Azərbaycanda toxumçuluğun inkişafı üçün yeni subsidiya qaydaları tətbiq olunur
Aqrar Subsidiya Şurasının yeni qərarı ilə fermerlərin sertifikatlı toxumdan istifadə etməsi üçün yeni mexanizmlər müəyyən edilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən bildirilib ki, yerli toxumçuluğun dəstəklənməsi və kənd təsərrüfatında keyfiyyətli toxumlardan istifadənin artırılması məqsədilə Aqrar Subsidiya Şurası tərəfindən yeni subsidiya mexanizmləri tətbiq edilməyə başlanıb.
AzadAzərbaycan xəbər verir ki, 2026–2027-ci illərin əkin mövsümündən başlamaqla buğda və arpa əkən fermerlərin sertifikatlı toxum seçimi onların alacağı subsidiyaların həcminə birbaşa təsir göstərəcək. Yeni qaydalara əsasən, sertifikatlı toxum tələbinin aid edildiyi minimum əkin sahəsi 5 hektaradək endirilib. Müvafiq mövsümdə sertifikatlı toxumdan istifadə etməyənlərin subsidiyaları 50 faiz azaldılacaq, 2027–2028-ci il mövsümündən etibarən isə belə fermerlərə subsidiya verilməyəcək.
Bununla yanaşı, fermerlərin sertifikatlı toxum tədarükünü asanlaşdırmaq üçün toxum istehsalçılarının xüsusi məlumat bazası yaradılıb. Yerli mənşəli super-elit buğda və arpa toxumu təsərrüfatlarına hər hektara görə 470 manat, xarici mənşəli analoji toxum istehsalçılarına isə 300 manat əlavə subsidiya veriləcək.
Müvafiq qurum fermerləri yeni tələbləri öncədən nəzərə almağa, əkin planlamasını bu qaydalara uyğunlaşdırmağa və yalnız sertifikatlaşdırılmış toxumlardan istifadə etməyə dəvət edir.




