
Bank əməkdaşının pul sayarkən 100 manatı qəsdən yerə atması məhkəməlik oldu
Göyçayda bank filialının kassiri müştərilərin pulunu sayarkən qəsdən yerə əsginas atdığı üçün işdən çıxarılıb və məhkəmə iddiası rədd edilib.
AzadAzərbaycan xəbər verir ki, "Kapital Bank" ASC-nin Göyçay filialında kassir vəzifəsində çalışan əməkdaşın işdən azad olunması ilə bağlı məhkəmə çəkişməsi yekunlaşıb. İş materiallarına görə, R.Osmanov 2022-ci ildən müddətsiz əmək müqaviləsi ilə kassa üzrə baş mütəxəssis vəzifəsinə işə qəbul edilib.
Onun işdən çıxarılmasına səbəb pul vəsaitinin sayılması zamanı baş verən insident olub. O, bank rəhbərliyinə ünvanladığı izahatda bildirib ki, müştərinin alqı-satqı əməliyyatı üzrə ödədiyi 40 min manatı sayarkən 100 manatlıq əsginası qəsdən yerə atıb, daha sonra isə müştəriyə pulun əskik olduğunu deyib. Kamera görüntüləri yoxlanıldıqdan sonra yerə düşən pul tapılaraq kassaya qaytarılıb.
Əməkdaş oxşar halın daha əvvəl də baş verdiyini etiraf edib. Bundan sonra bank rəhbərliyi Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsini məqsədəuyğun hesab edib və müvafiq əmr imzalanıb.
İşdən çıxarılan şəxs əmrin qanunsuz olduğunu iddia edərək məhkəməyə müraciət edib və işə bərpasını istəyib. Nəsimi Rayon Məhkəməsi iddianı rədd edib. Birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya və kassasiya şikayətləri də təmin olunmayıb, Ali Məhkəmə qətnaməni dəyişdirilmədən saxlayıb.




