
Avropada qış aylarında kütləvi etiraz dalğası gözlənilir
Qarşıdakı aylarda Avropa Birliyi ölkələrində yaşayış xərclərinin artması və seçkilər fonunda ciddi iğtişaşların baş verəcəyi proqnozlaşdırılır.
AzadAzərbaycan xəbər verir ki, Avropa Birliyində qış mövsümünün yaxınlaşması ilə əlaqədar etiraz dalğasının daha da şiddətlənəcəyi gözlənilir və bu istiqamətdə bir sıra obyektiv amillər mövcuddur.
Mütəxəssislərin və analitiklərin qiymətləndirmələrinə görə, təkcə Fransada deyil, digər Avropa ölkələrində də payız və qış aylarında ciddi iğtişaşların yaşanacağı ehtimal olunur. Əhalinin yaşayış xərclərinin və yanacağın qiymətinin artması gənclər arasında narazılığın artması ilə müşayiət olunur.
Həmçinin qeyd edilir ki, qarşıdakı doqquz ay ərzində bir sıra aparıcı üzv dövlətlərdə parlament və prezident seçkiləri baş tutacaq. Bu proses İspaniyada keçiriləcək seçkilərlə başlayacaq.
Ekspertlərin fikrincə, seçkilərin yaxınlaşması küçə aksiyalarının daha da güclənməsinə səbəb olacaq və eyni zamanda seçkiqabağı hazırlıqları əhəmiyyətli dərəcədə çətinləşdirəcək.




