
Seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatlar başlaya bilərmi
Politoloq Oqtay Qasımov ABŞ və İsrailin İrana qarşı sərtləşən ritorikasını və bölgədəki hərbi aktivliyi şərh edib.
AzadAzərbaycan xəbər verir ki, son dövrlərdə həm Birləşmiş Ştatlar, həm də İsrail tərəfindən İrana ünvanlanan bəyanatlarda kəskinləşmə müşahidə olunur. Tehran da öz növbəsində bu addımlara cavabsız qalmır və sərt mövqe nümayiş etdirir.
Politoloq Oqtay Qasımov bildirib ki, yayılan iddialara görə, İsrailin baş naziri Benyamin Netanyahu orduya İrana hücum hazırlığı ilə bağlı göstəriş verib, lakin ABŞ lideri son anda bunun qarşısını alıb. Hər iki ölkədə yaxın vaxtlarda seçkilərin keçiriləcəyi nəzərə alınmalıdır və bu proses həm Netanyahu, həm də Donald Tramp üçün həyati əhəmiyyət daşıyır.
Ekspert diqqətə çatdırıb ki, hazırda bölgədə ABŞ-ın hərbi qüvvələri, o cümlədən aviadaşıyıcılar və gəmilər cəmləşdirilib. Bazalardakı hərbçilərin kənara çıxarılması və digər hazırlıqlar müəyyən tarixi dövrləri xatırladır.
Politoloqun fikrincə, seçkiqabağı dövrdə birbaşa hərbi əməliyyatların başlanması ehtimalı azdır, lakin seçkilər başa çatdıqdan sonra İrana qarşı ciddi hərbi addımların atılması ehtimalı olduqca yüksəkdir.




