
Almaniyanın liman şəhərində kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub
Almaniyanın Bremerhafen limanında kruiz gəmisi ilə konteynerdaşıyan gəmi toqquşub. Hadisə nəticəsində xəsarət alan yoxdur, lakin gəmidə zədələr qeydə alınıb.
Almaniyanın şimalında yerləşən Bremerhafen şəhərinin limanından hərəkətə başlayan “Mein Schiff 3” kruiz gəmisi konteynerdaşıyan gəmi ilə çırpılıb.
Qəza nəticəsində konteynerdaşıyan gəminin gövdəsinin yan hissəsində təxminən 10 metr uzunluğunda yarıq əmələ gəlib və ciddi ziyan dəyib.
Mütəxəssislərin ilkin ehtimallarına görə, hadisəyə güclü külək səbəb olub. Şiddətli külək kruiz gəmisinin normal manevr etməsini əhəmiyyətli dərəcədə çətinləşdirib.
İnsident zamanı xəsarət alanların olmadığı bildirilir. Lakin kruiz gəmisində olan sərnişinlərin baş verənlərdən ciddi şəkildə sarsıntı keçirdiyi diqqətə çatdırılıb.
Hazırda səlahiyyətli qurumlar tərəfindən toqquşmanın dəqiq səbəbləri və başvermə şəraiti araşdırılır.




