
Qabon sahillərində neft platformasının batması nəticəsində insan tələfatı olub
Qabon sahillərində "Prospector 5" neft qazma platformasının batması nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə itkin düşüb.
Qabon sahillərində neft-qaz qazma platformasının batması nəticəsində bir nəfər ölüb, dörd nəfər isə itkin düşüb. Hadisə Mayumba şəhəri yaxınlığında qeydə alınıb.
“Borr Drilling” şirkətinə məxsus “Prospector 5” qazma platformasında qəza baş verən zaman ümumilikdə 115 nəfər olub. Onlardan 110 nəfərin təhlükəsiz şəkildə təxliyəsi təmin edilib.
İlkin olaraq beş nəfərin itkin düşdüyü bildirilsə də, sonradan onlardan birinin meyiti aşkarlanıb. Ölən şəxsin Hindistan vətəndaşı olduğu məlum olub, itkin düşənlərdən üçü isə Qabon vətəndaşıdır.
Məlumata əsasən, platforma qazma işlərinə hazırlıq mərhələsində dayanıqlığını itirərək batıb. Qabonun Neft və Qaz Nazirliyi baş verənlərlə əlaqədar dərhal böhran qərargahı yaradıb və Hərbi Dəniz Qüvvələri axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub.
Hadisənin səbəblərini araşdırmaq üçün texniki təhqiqata start verilib. Rəsmi qurumlar hələlik dənizə hər hansı zərərli maddənin sızmadığını açıqlayıblar.




