
Vladimir Putin şəxsi söhbətlərinin birində hakimiyyəti narkotik adlandırıb
Financial Times-ın araşdırmasına görə, Rusiya lideri Vladimir Putin keçmiş “Stasi” əməkdaşı ilə görüşündə hakimiyyətin narkotik kimi olduğunu etiraf edib.
AzadAzərbaycan xəbər verir ki, Rusiya lideri Vladimir Putin 2022-ci ilin sonunda “Stasi”nin keçmiş əməkdaşı Mattias Varniqlə görüşündə hakimiyyəti narkotik adlandırıb. Bu barədə Financial Times nəşrinin Ağ Ev və Kreml arasında gizli danışıqlara həsr olunmuş araşdırmasında bəhs olunub.
Məlumata əsasən, Kremldə baş tutan görüşdə Putin sanksiyaların təsiri ilə üzləşən tanışına dəstək göstərib. Söhbət zamanı alman keçmiş əməkdaş Putinin təcrid olunması səbəbindən əvvəlki kimi insanlarla birbaşa əlaqə qurmaq üstünlüyünü itirdiyini bildirib. Buna cavab olaraq Rusiya prezidenti hakimiyyətin narkotikə bənzədiyini qeyd edib.
Qeyd edək ki, Putin bundan əvvəlki illərdəki çıxışlarında hakimiyyətdən asılı olmadığını iddia edərək siyasətçilərin vəzifələrini ömürlük saxlamaq istəyini tənqid etmişdi. Lakin 2020-ci ildə qəbul edilən konstitusiya dəyişiklikləri ona 2036-cı ilə qədər hakimiyyətdə qalmaq imkanı yaradıb.




