
Alimlər təhlükədən təkər kimi yuvarlanaraq qaçan qeyri-adi ilan növü aşkar ediblər
Yaponiyalı alimlər təhlükə anında bədənini təkər kimi fırladaraq qaçmağı bacaran Kantora qamış ilanını müşahidə ediblər.
İlanlar adətən təhlükə ilə qarşılaşdıqda gizlənməyə və ya sürətlə uzaqlaşmağa üstünlük verirlər, lakin onların arasında olduqca qeyri-adi hərəkətləri ilə seçilən növlər də mövcuddur.
Yaponiyanın Toho Universitetinin tədqiqatçıları Kantora qamış ilanının təhdid zamanı sərgilədiyi maraqlı qaçış üsulunu qeydə alıblar. Bu qeyri-adi mənzərə alimlərin təəccübünə və gülüşünə səbəb olub.
Mütəxəssislər bu hərəkətin mexanizmini öyrənmək üçün yüksək sürətli kameralardan istifadə ediblər. Məlum olub ki, ilan təhlükə hiss edərkən quyruğunu sola yuvarlayır və özünü irəli itələyərək bədənini fırladır.
Bədənini halqa şəklində fırladaraq başını sabit saxlayan sürüngen demək olar ki, oxsuz təkərə çevrilir. Maraqlıdır ki, bu cür sürətli hərəkət zamanı ilanın başı və əsas hissləri şaquli vəziyyətdə qalaraq yolu izləməyə davam edir.




