
ABŞ senatorları İlon Maskdan Starlink və Starshield sistemləri ilə bağlı izahat tələb ediblər
Dörd ABŞ senatoru SpaceX şirkətinə məktub ünvanlayaraq Ukraynada istifadə olunan Starlink və Starshield peyk sistemlərinin məhdudiyyətlərinə aydınlıq gətirilməsini tələb edib.
AzadAzərbaycan xəbər verir ki, dörd ABŞ senatoru SpaceX şirkətindən Ukrayna ordusunun istifadəsində olan Starlink və Starshield peyk şəbəkələrinin fəaliyyətindəki məhdudiyyətlərin səbəblərini izah etməyi tələb edib.
Senatorlar Ceynn Şahin, Riçard Blumenthal, Şeldon Uaythaus və Kris Koons tərəfindən ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin internet səhifəsində dərc olunan müraciət SpaceX-in hüquqi məsələlər üzrə vitse-prezidenti Kristofer Kardaçiyə ünvanlanıb.
Qanunvericilər şirkətin Ukraynanın Starshield xidmətinə çıxışının məhdudlaşdırılmasında hər hansı rolunun olub-olmadığını və ölkə ərazisində Starlink-in fasiləsiz işləməsinin təmin edilməsindəki vəzifələrini açıqlamağı xahiş ediblər.
Xatırladaq ki, daha əvvəl SpaceX-in rəhbəri İlon Mask Starshield sistemlərinin ABŞ hökumətinə aid olduğunu və tənzimləndiyini, sürət məhdudiyyətlərinin isə bilavasitə ABŞ ordusunun rəhbərliyi tərəfindən təyin edildiyini bildirmişdi.
Bununla belə, senatorlar SpaceX-in Starlink infrastrukturuna sahib olmasının və onu idarə etməsinin milli təhlükəsizlik və hərbi əməliyyatlar zamanı əlaqənin məhdudlaşdırılması imkanları baxımından yeni suallar doğurduğunu vurğulayıblar.




