
Süni intellekt xərçəng xəstələrinin ömür uzunluğunu təxmin edir
ABŞ alimləri xərçəng xəstələrinin üz fotosuna əsasən onların bioloji yaşını və ölüm riskini proqnozlaşdıran süni intellekt alətləri hazırlayıblar.
AzadAzərbaycan xəbər verir ki, ABŞ-də tədqiqatçılar xərçəng xəstələrinin üz şəkilləri vasitəsilə onların bioloji yaşını və ölüm ehtimalını qiymətləndirə bilən yeni süni intellekt texnologiyaları işləyib hazırlayıblar. Mass General Brigham mütəxəssisləri tərəfindən yaradılan bu alətlər milyonlarla üz fotosu ilə öyrədilmiş "FAHR-Face" modeli əsasında formalaşdırılıb.
Elmi jurnallarda dərc olunan araşdırmaya görə, sözügedən sistemin "FAHR-FaceAge" aləti insanın xarici görünüşünə əsasən bioloji yaşını müəyyənləşdirir, "FAHR-FaceSurvival" isə sağ qalma riskini hesablayır. Şüa terapiyası qəbul edən xəstələr üzərində aparılan sınaqlar zamanı diqqətçəkən nəticələr əldə olunub.
Tədqiqat göstərib ki, süni intellekt tərəfindən bioloji yaşı həqiqi yaşından azı 5 il çox qiymətləndirilən xəstələrin dörd il ərzində ölüm riski digərləri ilə müqayisədə 21 faiz yüksəkdir. Əks halda, bioloji yaşı gerçək yaşından ən azı 5 il gənc hesab edilən pasiyentlərdə isə ölüm riskinin 17 faiz aşağı olduğu qeydə alınıb.
Alimlərin fikrincə, bu texnologiya xərçəngin ağır müalicə üsullarından və cərrahiyyə əməliyyatlarından əvvəl xəstələrin ümumi fiziki durumunu dəyərləndirməyə kömək edə bilər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, yalnız bir üz fotosuna istinadən çıxarılan nəticələr təkbaşına müalicə qərarı vermək üçün yetərli deyil.
Surrey Universitetinin süni intellekt mütəxəssisi Miroslav Bober bu araşdırmanın mühüm addım olduğunu, lakin texnologiyanın hələ tam olaraq klinik tətbiqə hazır olmadığını vurğulayıb. Mütəxəssislər yeni sistemin həkimləri əvəzləməsini deyil, yalnız fərdiləşdirilmiş müalicə planlarının qurulmasına dəstək olmasını hədəfləyirlər.


