
ABŞ-da nüvə obyektində yanğın baş verdi: radiasiya sızması qeydə alındı
ABŞ-ın Cənubi Karolina ştatındakı nüvə kompleksinin laboratoriyasında yanğın baş verib, nəticədə radiasiya sızması qeydə alınıb.
ABŞ-ın Cənubi Karolina ştatında yerləşən "Savanna-River" nüvə kompleksinin laboratoriyasında yanğın hadisəsi qeydə alınıb. Hadisə nəticəsində radiasiya sızması baş verib və ərazidə fövqəladə vəziyyət elan edilib.
Yerli KİV-lərin məlumatına görə, insident çərşənbə günü axşam saatlarında baş verib. Kompleks rəhbərliyinin açıqlamasına əsasən, laboratoriyanın otaqlarından birində çıxan alov səbəbindən yer səviyyəsində filtrlənməmiş radiasiya emissiyası müşahidə olunub.
Bununla belə, məsul şəxslər radioaktiv çirklənmənin zədələnmiş binanın hüdudlarından kənara yayılmadığını bildiriblər. Çirklənmənin nüvə kompleksinin sərhədləri daxilində digər ərazilərdə aşkar edilmədiyi vurğulanıb.




