
Tarixin qaranlıq səhifəsi: SSRİ Katın qətliamını illər sonra necə etiraf etdi
1939-cu ildə Polşanın işğalı və sovet rejimi tərəfindən törədilən Katın qətliamı tarixi faktlarla yenidən gündəmə gəlir.
1939-cu il oktyabrın 5-də Qırmızı Ordunun Polşa ərazisində həyata keçirdiyi hərbi yürüş başa çatıb. Sovet tarixşünaslığında azadlıq yürüşü adlandırılan bu əməliyyat nəticəsində Qərbi Belarus və Qərbi Ukrayna SSRİ-nin nəzarətinə keçib.
1939-cu il sentyabrın 17-də Sovet İttifaqının Qırmızı Ordusu Polşanın şərq ərazilərinə daxil olub. Həmin vaxt Polşa artıq nasist Almaniyasının hücumuna məruz qalmışdı və ölkə eyni vaxtda iki böyük dövlətin hərbi müdaxiləsi ilə üzləşmişdi.
Əməliyyatın ən diqqətçəkən məqamlarından biri sovet və alman hərbçilərinin Polşa ərazisində birbaşa qarşılaşması olub. 1939-cu il sentyabrın 22-də Brest şəhərində alman qoşunlarının geri çəkilməsi və şəhərin sovet qüvvələrinə təhvil verilməsi zamanı birgə hərbi mərasim keçirilib.
1940-cı ildə sovet təhlükəsizlik orqanları tərəfindən təxminən 22 min polşalı zabit, polis əməkdaşı və dövlət qulluqçusu qətlə yetirilib. Bu cinayətlər tarixə Katın qətliamı adı ilə düşüb.
SSRİ rəhbərliyi uzun illər Katın qətliamına görə məsuliyyəti nasist Almaniyasının üzərinə qoyub. Yalnız 1990-cı ildə Sovet İttifaqı bu cinayətin məhz sovet təhlükəsizlik orqanları tərəfindən törədildiyini rəsmən etiraf edib.




