
Ukrayna ordusu cəbhənin bu istiqamətində taktiki üstünlük qazanıb
Müharibə Öyrənmə İnstitutunun analitikləri bildiriblər ki, Ukrayna Silahlı Qüvvələri Aleksandrovka istiqamətində taktiki əhəmiyyətli irəliləyişlər əldə edib.
AzadAzərbaycan xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Aleksandrovka istiqamətində yavaş, lakin taktiki əhəmiyyətli uğurlar qazanmağa davam edir. Uzunmüddətli perspektivdə bu addımlar Aleksandrovka və Qulyaipol ərazilərində Rusiya logistikası və əməliyyatları üçün ciddi təhlükə yarada bilər.
Ukraynalı hərbi müşahidəçi Konstantin Maşovetsin verdiyi məlumata görə, oktyabrın 25-də Ukrayna qoşunları Perebudov, Komar və Fedorovka qəsəbələrini azad edib. Eyni zamanda, hərbi birləşmələr Veseloydan Skudnıya qədər cənub-qərb istiqamətində irəliləməyə nail olublar.
Müharibə Öyrənmə İnstitutunun məlumatına görə, Ukrayna qüvvələrinin davamlı əks-hücumları Rusiya komandanlığını hərbi qüvvələrin yerləşməsində dəyişiklik etməyə məcbur edib. Belə ki, 120-ci Dəniz Piyadaları Diviziyasının və 40-cı ayrı Dəniz Piyadaları Briqadasının hissələri bu bölgəyə köçürülüb.
Ekspertlər qeyd edirlər ki, Rusiya dəniz piyadalarının bölmələri digər hərbi birləşmələrlə müqayisədə daha döyüşə hazır hesab olunur və komandanlıq adətən onları ən prioritet istiqamətlərə yönəldir. Həmçinin əvvəlcə başqa istiqamət üçün nəzərdə tutulan 90-cı tank diviziyasının bölmələri də Aleksandrovka istiqamətinə cəlb olunub.
Analitiklər xatırladırlar ki, Ukrayna Silahlı Qüvvələri fevral ayının əvvəlindən bəri bu cəbhədə aktiv əks-hücumlar həyata keçirirlər. Həyata keçirilən bu taktiki addımlar Rusiya qüvvələrinin təşəbbüsü əldə saxlamaq imkanlarını zəiflədib.




